Adi tülkü
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür.
Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər.
Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar.